“Şura ilə Media İnkişaf Mərkəzinin əməkdaşlığını müsbət qiymətləndirmək olar”
Dekabrın 16-da Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının “2009-cu ilin QHT layihəsi” və “2009-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” müsabiqələrinin nəticələri elan olunacaq. Şuranın sədri Azay Quliyev müsabiqə ilə bağlı “Lent.az”-ın sualları nı cavablandırıb ...
- Bu müsabiqələri keçirməkdə məqsəd nə idi?
- “2009-cu ilin QHT layihəsi” barədə biz ilin əvvəlində məlumat vermişdik. Müsabiqədə Şuranın layihələrini dəstəklədiyi QHT-lər iştirak edə bilərdilər. Şuranın tərəfdaşları bu mövzuda kifayət qədər bilgi əldə etmişdilər. Düşünürdük ki, biz ən yaxşı layihə müəyyənləşdirməklə gələcəkdə QHT-ləri daha yaxşı layihələr həyata keçirməyə, onları stimullaşdıraraq daha effektiv işləməyə təşviq edə bilərik. Hesab edirəm ki, biz buna nail olduq. Bu gün onlarla layihə bu mükafata tam layiqdirlər. Təəssüf ki, bu nominasiya üzrə cəmi 3 layihəni seçərək mükafatlandırmalıyıq. Amma gələcəkdə bu müsabiqənin həm formatında, həm istiqamətində, həm məzmununda müəyyən dəyişikliklər ola bilər. Bütövlükdə, Şuranın dəstək verdiyi 240-dan çox layihə var. Həmin layihələr arasından 3 layihəni yox, hər istiqamət, hər fəaliyyət növü üzrə 3 layihəni seçsək, bəlkə də daha doğru olardı. Bu, QHT-ləri daha da ruhlandıracaq ki, layihələrin icrasına daha çox diqqət yetirsinlər. Burada da müxtəlif meyarlar, tələblər var.
- Tələbləri açıqlamaq mümkündür?
- Tələblər təkcə layihənin icrası ilə bağlı deyil. Hesabatlılığın vaxtında verilməsi, təşkilatın nizam-intizamı, layihənin konkret ondan faydalananlar tərəfindən qəbul edilməsi kimi amillər nəzərə alınacaq.
- “2009-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” müsabiqəsi nə dərəcədə özünü doğrultdu?
- Müsabiqədə həm telekanalları, həm qəzetləri, həm də internet mediasını əhatə etməyə çalışdıq. Hər üç sahə üzrə qaliblər artıq müəyyənləşib. Eyni zamanda, hər üç sahə üzrə fərqlənən, bu prosesdə fəal iştirak edənlər arasında həvəsləndirici mükafatlara layiq görülənlər var. Əsas məqsədimiz odur ki, QHT-lər və onların layihələri haqqında daha çox yazılar yazılsın, QHT-lərin fəaliyyəti mediada daha çox işıqlandırılsın, ölkədə müsbət mənada QHT obrazı formalaşdırılsın. Vətəndaş cəmiyyəti institutlarına dövlətin və digər qurumların marağa daha da artsın. Digər tərəfdən, media sahəsində çalışan jurnalistlərin imkanlarını artırmaq, QHT jurnalistikasının inkişafına müəyyən mənada töhfə vermək də əsas məqsədlərdən biridir. Çünki QHT-lərdən daha çox yazan jurnalistlər QHT fəlsəfəsini, QHT-nin mahiyyətini, həyata keçirilən layihələri dərindən öyrənməlidirlər. Müsabiqədə əsas meyarlardan biri də həmin yazılan yazıların nə dərəcədə QHT sektoruna xidmət etməsi, onun inkişafını dəstəkləməsi ilə bağlıdır. Başqa sözlə, QHT-media münasibətlərini yaxşılaşdırmaq, QHT jurnalistikasının inkişafına töhfə vermək qarşıya qoyulan əsas məqsəddir.
- Müsabiqələrin nəticələri barədə artıq ətraflı danışmaq olarmı?
- Nəticələr rəngarəngdir. Mən qaliblərlə və digər məsələlərlə bağlı öncədən məlumat verə bilmərəm. Seçim Komissiyası yaradılıb. Onu da qeyd edim ki, “2009-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” layihəsinin icrası “Media İnkişaf Mərkəzi” İctimai Birliyinə həvalə olunub. “Media İnkişaf Mərkəzi” İctimai Birliyi bu işi çox yüksək səviyyədə həyata keçirib. Birliyinin sədri Qabil Abbasoğluna və layihənin koordinatoru Səbinə Əvəzqızına xüsusi təşəkkür edirəm. Hər ay mətbuatın monitorinqi ilə bağlı hesabatlar hazırlanıb, KİV-də QHT-lərlə bağlı bütün məlumatları araşdırmaq, müəyyənləşdirmək kimi çox çətin bir vəzifənin öhdəsindən gəlinib. Həm də QHT-lərlə bağlı yazılan materiallar analiz edilib, komissiya tərəfindən müəyyən edilmiş Əsasnamənin şərtlərinə uyğun şəkildə bu işi başa çatdırıblar. Bu baxımdan, Şura ilə “Media İnkişaf Mərkəzi” İctimai Birliyinin əməkdaşlığını müsbət qiymətləndirmək olar.
- Mükafatlandırma mərasimi necə təşkil olunacaq?
- Dekabrın 16-da “Park-İnn” otelində mükafatlandırma mərasimi keçiriləcək. Törənin kifayət qədər maraqlı, yaddaqalan olmasına çalışacağıq. Mükafatları təqdim etmək, mükafatçıları təbrik etmək üçün biz ən müxtəlif qurumların rəhbərlərini dəvət etmişik. 3 nazir, 1 icra başçısı, beynəlxalq qurumların rəhbərləri, səfirlər, Milli Məclisin üzləri, komitə sədrləri, hətta əsgərlər, xalq artistləri belə bu tədbirə dəvət olunublar. Düşünürəm ki, cəmiyyətimizin müxtəlif təbəqələrinin iştirakı ilə biz bu mükafatlandırmanı həyata keçirəcəyik. Bu da bizim gələcəkdə bu kimi təşəbbüslərimizin daha effektiv olmasına öz təsirini göstərəcək.// LENT.AZ