| Azərbaycanda regionun ən iri sement zavodu inşa ediləcək |
|
|
|
29.01.2010, 18:06
Yanvarın 29-da “Hyatt Regensy-Naxçıvan” mehmanxanasında “Norm” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) və “Sulaco” MMC tərəfindən “Qızıldaş sement zavodunun ətraf mühit və sosioloji təsirlərinin öyrənilməsi hesabatı”nın təqdimatı olmuşdur. Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zenfira Şıxəliyeva dünyanı maliyyə böhranının bürüdüyü hazırkı vaxtda rayonda istehsal gücü gündə 5 min ton klinker, ildə 2 milyon ton sement təşkil edəcək yeni sement zavodunun tikintisi layihəsinin icrasına başlanmasının ölkəmizdə gündən-günə sürətlənən iqtisadi inkişafda yeni mərhələ olduğunu diqqətə çatdırmışdır. Natiq yeni sement zavodunun fəaliyyətə başlamasının rayon iqtisadiyyatının daha da inkişafına təkan verməklə yanaşı, əhalinin məşğulluq problemlərinin həllinə də müsbət təsir göstərəcəyinə əminliyini bildirmişdir. Tədbirdə “Norm” MMC-nin nümayəndəsi Murad Sadıxov “Qızıldaş sement zavodunun layihəsi” və “Sulaco” MMC-nin təmsilçisi İslam Məmmədov “Qızıldaş sement zavodunun layihəsi çərçivəsində ekoloji və sosial təsirlərin qiymətləndirilməsinin nəticələri” mövzularında təqdimatlarla çıxış etmişlər. Bildirilmişdir ki, Qızıldaş sement zavodunun mühəndis-layihələndirmə və “açar təslimi” əsasında tikintisi ilə əlaqədar ötən il fevralın 16-da yeni müəssisənin tikintisini həyata keçirən “Norm” MMC tərəfindən tenderin elan edildiyi gündən etibarən şirkət rəhbərliyinə inşaat və uzun illər sement sektorunda çalışmış təcrübəli mütəxəssislər cəlb edilmişlər. MMC-nin Direktorlar Şurası sədrinin müavini vəzifəsinə vaxtilə Lafarj şirkətinin Rusiya Federasiyası, Mərkəzi və Şərqi Avropada texniki hazırlıq üzrə direktoru vəzifəsində çalışmış Murat Ali Soylu dəvət edilmişdir. Şirkətin baş direktoru vəzifəsinə isə Türkiyənin OYAK sənaye qrupuna daxil olan Adana, Bolu və Mardindəki sement zavodlarında 35 ildən artıq çalışmış, mühəndis-texnoloq vəzifəsindən bu zavodların direktoru vəzifəsinədək yüksəlmiş İsmail Erkovan təyin edilmişdir. Layihə çərçivəsində həyata keçirilmiş araşdırmalar nəticəsində, həmçinin təcrübəli mütəxəssislərin cəlb edilməsi sayəsində xammalın üyüdülməsinin yeni xüsusiyyətləri aşkar olunmuş, o cümlədən zavod üçün əhəngdaşı və gil yataqlarının bilavasitə yaxınlığında yerləşən daha münasib ərazi seçilmiş və bununla əlaqədar texniki tapşırığa bəzi düzəlişlər edilmişdir. Qeyd olunmuşdur ki, artıq tenderdə verilən təkliflərin qiymətləndirilməsində yekun mərhələyə qədəm qoyulmuşdur. Tender iştirakçıları arasında sərt rəqabətin olması, həmçinin müqavilə şərtləri barədə aparılan danışıqlarda ən incə məqamların araşdırılması nəzərə alınaraq yekun müqavilənin 2010-cu ilin martında imzalanacağı gözlənilir. Mərasimdə “Norm” MMC barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, şirkət zavodun tikintisi və daha sonra bu müəssisənin hazır məhsulları olacaq sement və klinkerin əsasən Azərbaycan bazarında satışı məqsədi ilə təsis edilmişdir. Müəssisənin istehsal gücü şirkətə gələcəkdə Cənubi Qafqazdakı və Xəzər regionundakı qonşu ölkələrin sement bazarında özünəməxsus yer tutmaq imkanı verəcəkdir. Diqqətə çatdırılmışdır ki, “Qızıldaş-Sement”in əsas istehsal sahələri üçün Qaradağ rayonunda Bakı–Supsa və Bakı–Tbilisi-Ceyhan ixrac boru kəmərlərinin öz başlanğıcını götürdüyü Səngəçal Neft Terminalından 3 kilometr məsafədə yerləşən sahə ayrılmışdır. “Norm” MMC tikinti üçün tələb olunan ərazini, icazə və razılaşmaları, həmçinin xammal mənbələrini əldə etmişdir. Tədbirdə vurğulanmışdır ki, “Qızıldaş-Sement” layihəsı üzrə texniki məsləhətçi kimi Hindistanın “Holtec Consulting Private Limited” konsaltinq şirkəti çıxış edir. Eyni zamanda, diqqətə çatdırılmışdır ki, Qızıldaş sement zavodunun istismara verilməsi üç mərhələdə həyata keçiriləcəkdir. 2012-ci ilin ortalarında birinci mərhələnin başa çatdırılması və sementin ilk partiyasının istehsalı planlaşdırılır. Birinci mərhələdə ildə 2 milyon ton portland sement istehsal edən xətt işə salınacaq və neft sənayesi üçün tamponaj sementin istehsal texnologiyası sınaqdan keçiriləcəkdir. Bu məhsulun ölkə daxilində istehsalı neft ölkəsi olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki hazırda ölkəmizdə tamponaj sement istehsal olunmur və məhz bu səbəbdən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və digər müvafiq şirkətlər onu xaricdən idxal etmək məcburiyyətində qalırlar. Müəssisənin tikintisinin ikinci və üçüncü mərhələlərində istehsal gücü ildə 4 milyon ton olan əlavə iki xəttin inşası nəzərdə tutulur. Bu xətlərin inşasının birinci mərhələ tamamlandıqdan sonra növbəti bir neçə ildə başa çatdırılacağı planlaşdırılır. Sonda qeyd olunmuşdur ki, ölkəmizin sementə olan tələbatının daxili istehsal hesabına ödənilməsini nəzərdə tutan, istehsal gücü ildə 6 milyon ton portland sement təşkil edəcək “Qızıldaş-Sement” layihəsinin reallaşdırılması yeni müəssisəni Azərbaycanda və bütövlükdə Xəzər regionunda bu məhsulun ən nəhəng istehsalçısına çevirəcəkdir. // AzərTAc
|
|