Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2009-cu ildə Fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə respublikanın 55 şəhər və rayonu üzrə 2 min 101 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 130 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Bu vəsaitin 74 milyon manatını büdcə vəsaiti, 56 milyon manatını isə Fondun xəzinə hesabına qaytarılmış kredit məbləğləri və kredit faizləri təşkil etmişdir. Güzəştli kreditlər əsasən, sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, aqrar sektorun inkişafına təkan verəcək infrastruktur layihələrinə (soyuducu və taxıl anbarları komplekslərinə), kəndli fermer təsərrüfatlarının inkişafı və digər sahələr üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir.
Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş investisiya layihələrinin həyata keçirilməsi nəticəsində 8 min 500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. İnvestisiya layihələrinin 99,2 faizi (2 min 85), yeni yaradılacaq iş yerlərinin isə 94,7 faizi (8 min 47 yeni iş yeri) regionların payına düşür.