| Azərbaycanın xam nefti və neft məhsulları 30 ölkəyə ixrac edilir |
|
|
|
02.03.2010, 17:33
Azərbaycanda istehsal olunan xam neft və neft məhsulları hazırda müxtəlif marşrutlarla ABŞ, Çin, İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniya da daxil olmaqla, dünyanın 30 ölkəsinə ixrac edilir. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, son zamanlar bu sıraya Hindistan, İndoneziya, Koreya Respublikası, Tailand, Braziliya, Çili kimi Asiya və Cənubi Amerika ölkələri də əlavə olunub. Bundan əlavə, iri beynəlxalq şirkətlərin də yüksək keyfiyyətli Azərbaycan neftinə marağı getdikcə artır. Artıq bir sıra neft emalı sirkətləri ARDNŞ ilə xam neftin ixracına dair uzunmüddətli müqavilələrin bağlanmasına üstünlük verirlər. Qeyd edək ki, təkcə fevral ayında ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 8 min 303 ton avtomobil benzini, 121 min 130 ton dizel yanacağı, 6 min 766 ton təyyarə yanacağı ixrac edib. Ümumilikdə, 2010-cu ilin yanvar-fevral ayları ərzində 18 min 847 ton avtomobil benzini, 273 min 109 ton dizel yanacağı, 14 min 985 ton təyyarə yanacağı ixrac edilib. 2010-cu ilin fevral ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 685 dollar, təyyarə yanacağının – 640,85 dollar, dizel yanacağının – 598,48 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 445,33 dollar təşkil edib. // Milli.Az
|
|